Bankçılıq
521

"Access Bank"ın Müşahidə Şurası yenidən formalaşdırılıb

"Access Bank" QSC-nin Müşahidə Şurasının (MŞ) yeni tərkibi açıqlanıb. Müvafiq qərar bankın səhmdarlarının ümumi yığıncağında qəbul olunub.

Qərara əsasən, Oleq İvaniyçuk MŞ-nın sədri seçilib. Cənab İvaniyçuk "responsAbility Investments AG"investisiya şirkətində müxtəlif vəzifələrdə çalışıb. 2017-ci ildən etibarən Restrukturizasiya bölməsinə rəhbərlik edir.

Bununla yanaşı, Corc Rubli (George Rublee), Dariuş Katsprşik (Dariusz Kacprzyk) və Verner Klas (Werner Claes) MŞ-nın yeni üzvləri kimi fəaliyyətə başlayıblar.

Cənab Rubli 2010-cu ilin noyabr ayından etibarən Asiya İnkişaf Bankında (AİB) Korporativ bərpa üzrə baş mütəxəssis vəzifəsində çalışır. O, həmçinin AİB-in Risklər üzrə katibliyinə də rəhbərlik edir.

Dariuş Katsprşik 2018-ci ilin iyun ayından etibarən Polşanın tənzimləyici qurumu tərəfindən "Bank BPS SA"-nın bərpası üzrə idarəedici vəzifəsində çalışır. Bunadək təcrübəli mütəxəssis bir sıra iri banklarda rəhbər vəzifələrdə işləyib.

Verner Klas 2008-ci ildən etibarən "International Financial Consulting Ltd." şirkətində baş hüquqşünas və "BVBA Global Financial Consulting" şirkətində baş direktor vəzifələrində çalışır.

2014-cü ildən MŞ-nın üzvü olan Rayner Müller-Hanke sözügedən vəzifədə fəaliyyətini davam etdirəcək.

Xatırladaq ki, sözügedən dəyişikliklərə qədər MŞ-nın sədri Yan Klasen idi. Onun rəhbərlik etdiyi Şura Rayner Müller-Hanke ilə yanaşı, Sayed Aftab Ahmed, Tomas Enqelhardt və Emre Yıldız kimi təcrübəli mütəxəssislərdən ibarət olub.

Bölmədən olan bütün xəbərlər