Qeyri-bankçılıq
487

"TBC Kredit" BOKT-un səhmdarının nədə ittiham edildiyi məlum olub

Gürcüstanın aparıcı bankı olan “TBC Bank”ın fəaliyyətində çirkli pulların yuyulması əlamətləri və digər qeyri-qanuni əməllər aşkar olunub.

"Renkinq" xəbər verir ki, bu barədə qonşu ölkənin Baş Prokurorluğunda keçirilən brifinqdə prokuror Salome Çikobava məlumat verib. 

O deyib ki, Maliyyə Monitorinqi Xidməti ötən ilin may ayında “TBC Bank”ın müştəriləri olan fiziki və hüquqi şəxslərin, eləcə də Bankın inzibatçıların və səhmdarların fəaliyyətini tədqiq etməyə başlayıb: “Xidmət belə bir nəticəyə gəlib ki, bu fəaliyyətlərdə qeyri-leqal gəlirlərin leqallaşdırılması, çirkli pulların yuyulması və digər qeyri-qanuni hərəkətlərin əlamətləri var”.

"TBC Bank"la bağlı materiallar baxılması üçün ölkənin Milli Bankına və Baş Prokurorluğuna təqdim olunub. Milli Bank səlahiyyətləri çərçivəsində məsələni araşdırıb və qanun pozuntularına müvafiq reaksiya verib. Tənzimləyici qurum Bankı 1 milyon lari (təxminən 375 min ABŞ dolları) məbləğində cərimə edib. Maliyyə qurumuna qarşı əlavə sanksiyaların tətbiq olunub-olunmayacağı hələlik məlum deyil. Baş Prokurorluq isə ötən il avqustun 2-də qeyri-leqal gəlirlərin leqallaşdırılması faktı üzrə cinayət işinin istintaqına başlayıb.

Qeyd edək ki, “TBC Bank” Azərbaycanın maliyyə bazarında da fəaliyyət göstərir. Belə ki, “TBC Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 100% bu bankın törəməsidir. Bir qədər əvvəl "TBC Kredit"in Azərbaycandakı “Nikoyl Bank” ASC ilə birləşməsi barədə tərəflər arasında saziş imzalanmışdı.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər