Digər
392

Azərbaycanda ötən il 30 min manatlıq saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycanda ötən il 30 min manatlıq saxta pul nişanı dövriyyədən çıxarılıb

Azərbaycan Mərkəzi Bankı (AMB) pul nişanlarının saxtalaşdırılmasına qarşı effektiv mübarizəni ötən il də diqqət mərkəzində saxlayıb, 1 322 ədəd (30 478 manatlıq) saxta pul nişanını tədavüldən çıxararaq araşdırma aparılması üçün hüquq-mühafizə orqanlarına təqdim edib.

"Renkinq" xəbər verir ki, bu barədə AMB-nin illik hesabatında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hesabat dövrünün sonuna tədavüldə olan hər 163 000 ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da digər ölkələrin müvafiq göstəriciləri ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (avrozona üzrə dövriyyədə olan hər 30 000 ədəd kağız pul nişanına 1 ədəd saxta).

2017-ci ildə pul nişanlarının saxtalaşdırılmasına qarşı effektiv mübarizə məqsədilə müvafiq dövlət orqanları ilə informasiya mübadiləsini, bank sistemi üçün analitik informasiya bazasını və eləcə də nağd pul xidmətlərinə elektron çıxış imkanını təmin edən “Saxta pul nişanlarının monitorinqi sistemi” yaradılıb.

AMB-də nağd pul idarəetməsi yeni keyfiyyət mərhələsinə çatdırılıb, bütövlükdə bank sistemini əhatə edən və AMB-nin digər informasiya sistemlərinə inteqrasiya olunan "Nağd pulun İdarəetmə Sistemi (CMS)" tam funksionallığı ilə fəaliyyət göstərir. Bu sistem vasitəsilə hazırda regionlar da əhatə olunmaqla AMB-də kommersiya bankları və poçt rabitəsinin milli operatoru arasında nağd pulla bağlı bütün əməliyyatlar real vaxt rejimində avtomatlaşdırılmış qaydada həyata keçirilir.

İl ərzində regional mərkəzi bankçılığın inkişafı diqqət mərkəzində olub. Belə ki, regional mərkəzlərdə əhalinin, eləcə də kredit təşkilatlarının nağd pula olan tələbatı tam və vaxtında ödənilib.

Bölmədən olan bütün xəbərlər