Büdcə
68

Hesablama Palatası Naxçıvan Dövlət Energetika Xidmətində nöqsanlar aşkar edib

Hesablama Palatası Naxçıvan Dövlət Energetika Xidmətində nöqsanlar aşkar edib

Hesablama Palatası 2023-cü il İş Planına uyğun olaraq Naxçıvan MR Dövlət Energetika Xidmətində və onun tabeliyindəki qurumlarda dövlət əmlakının, o cümlədən əsaslı vəsait qoyuluşlarının istifadəsinin və idarə olunmasının hüquqi aktlara uyğunluğuna dair keçirdiyi auditi başa çatdırıb.

“Renkinq” xəbər verir ki, nəzarət tədbiri 2020-2022-ci illəri əhatə edib.

Yoxlama nəticəsində məlum olub ki, dövlət vəsaitlərinin xərclənməsində qənaətlilik, şəffaflıq prinsiplərinə əməl olunmayaraq dövlət satınalmaları ilə bağlı müəyyən edilmiş metodlar tətbiq edilmədən 2020-ci ildə 92 halda, 2021-ci ildə 88 halda, 2022-ci ildə isə 96 halda hüquqi və fiziki şəxslərlə birbaşa müqavilələr bağlanılaraq vəsait ödənişi həyata keçirilib.

Audit nəticəsində 4 234 763 manat dəyərində əmtəəsiz əməliyyatların aparıldığı, tikinti-quraşdırma işlərində 688 028 manat dəyərində artıq vəsaitin icra olunduğu, 28 700 manat dəyərində yanacağın əsassız və artıq silindiyi müəyyən olunub. Bununla yanaşı, Xidmətin balansında olan əsas vəsait və mal-materiallara baxış zamanı sənədlərdə anbar qalığında göstərilən 448 325 manat dəyərində əsas vəsait və mal-material çatışmazlığı aşkar edilib. Xidmətin büdcə vəsaitinin təyinatını dəyişdirməsi, vergi öhdəliklərini tam icra etməməsi, qeyri-qanuni və əsassız xərcləmələrə yol verməsi də müəyyən olunub.

Hesablama Palatasının Kollegiyası aşkar edilmiş hüquqpozmalarda cinayət tərkibi əlamətlərinin ehtimalını nəzərə alaraq  auditin nəticələrinə dair müvafiq materialları hüquq mühafizə orqanlarına göndərməyi qərara alıb.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər