Büdcə
70

Azərbaycanda illik inflyasiya 12%-dən aşağı düşüb

Azərbaycanda illik inflyasiya 12%-dən aşağı düşüb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin yanvar-avqust aylarına nisbətən 111,7% təşkil edib. Halbuki, yanvar-iyun aylarının yekununda illik inflyasiya 12,2% olmuşdu.

“Renkinq” xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, istehlak qiymətləri indeksi ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 113,4%, qeyri-ərzaq məhsulları üzrə 110,6%, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 110,2% təşkil edib.

Ötən ay isə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 99,6%, ötən ilin iyul ayına nisbətən isə 108% olub.

Avqustda ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi iyulla müqayisədə 99,1%, ötən ilin avqust ayına nisbətən isə 107,4% təşkil edib. Ayrı-ayrı ərzaq məhsullarından daha çox azalma qarabaşaq yarmasının, unun, çörəyin, təzə balığın, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, üzümün, yemişin, qarpızın, gavalının, almanın, armudun, bananın, pomidorun, xiyarın, soğanın, kartofun, bibərin, badımсanın, yerkökünün, artım isə əsasən düyünün, mal və qoyun ətinin, yoqurtun, xamanın, zeytun yağının, kələmin, sarımsağın, şəkərin, çayın, meyvə şirəsinin, arağın, tütün məmulatlarının qiymətlərində müşahidə olunub. Digər ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməyib.

Ötən ay qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki ayla müqayisədə 100%, ötən ilin iyul ayına nisbətən 108,3% olub.

Avqustda əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi iyulla müqayisədə 100,1%, ötən ilin avqust ayına nisbətən 108,9% təşkil edib. Əhaliyə göstərilmiş ödənişli xidmətlərdən artım əsasən mənzillərin icarə haqlarında və hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma xidmətlərinin qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddi dəyişikliklər baş verməyib. 

Bölmədən olan bütün xəbərlər