Qeyri-bankçılıq
65
“Ferrum Kapital”ın xalis mənfəəti 15% azalıb

Azərbaycanın aparıcı faktorinq şirkəti – “Ferrum Kapital” QSC bu ilin I yarısını 2,017 milyon manat xalis mənfəətlə başa vurub.
“Renkinq” səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 14,9% azdır.
Yanvar-iyun aylarında “Ferrum Kapital”ın vergiqədərki mənfəəti 2,521 milyon manat (illik müqayisədə 8,5% az), mənfəət vergisi ödəmələri isə 504 min manat (30,9% çox) təşkil edib.
Bu il iyulun 1-nə “Ferrum Kapital”ın aktivləri 65,896 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,4% azdır. Bunun 43,006 milyon manatı müştərilərə verilmiş kreditlər və avanslardır. Son 1 ildə şirkətin borc portfeli 22,8% kiçilib.
Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 6,4% azalaraq 49,126 milyon manata, balans kapitalı isə 2,3% azalaraq 16,77 milyon manata düşüb.
Xatırladaq ki, “Ferrum Kapital” 2017-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 min manatdır. Şirkətin səhmlərinin 68%-i Qafar Dəmirçiyə, 23%-i Məhəmməd Həbibzadəyə, 4,5%-i “AQA Şirkətlər Qrupu” QSC-yə, 4,5%-i isə “Vesta İnvestment” QSC-yə məxsusdur. 1-ci və 2-ci səhmdarlar müvafiq olaraq 3-cü və 4-cü səhmdarların təsisçiləridir.