Büdcə
62
Hesablama Palatası Naxçıvan Dövlət Universiteti ilə bağlı Baş Prokurorluğa müraciət edib

Hesablama Palatası 2023-cü ilin iş planına əsasən Naxçıvan Dövlət Universitetində (Universitet) uyğunluq auditi aparıb.
"Renkinq" Palataya istinadən xəbər verir ki, audit 2021-2022-ci illəri əhatə edib.
Audit dövründə ümumilikdə Universitetə 30 910,6 min manat məbləğində vəsait daxil olub, 30480,2 min manat məbləğində vəsait icra edilib.
Universitetdə 737 ştat vahidi olub, həmin ştatların 362-ni rəhbərlik və aparıcı heyət, 375-ni professor-müəllim heyəti təşkil edib, təhsilin müxtəlif forma və səviyyələri üzrə auditin əhatə etdiyi dövrün əvvəli ilə müqayisədə sonunda tələbə kontingenti 14,1% artaraq 7 376 nəfərə çatıb. Kontingentin 75,8%-ni bakalavr pilləsi əhatə edib, bütün təhsil pillələri üzrə cəmi tələbələrin 4,4%-i əcnəbi tələbələrdən ibarət olub.
Auditlə müəyyən edilb ki, qüvvədə olan hüquqi aktların tələblərinə əməl olunmayaraq Universitetin Nizamnaməsi hüquqi aktlarla təsdiq edilmiş Nümunəvi Nizamnaməyə uyğunlaşdırılmayıb, beləliklə də, Universitetin təşkilati-hüquqi forması təkmilləşdirilməyib, müasir idarəetmə prinsipləri tətbiq olunmayıb.
Təhsillə bağlı dövlət sənədlərinin uçotuna dair fəaliyyətin təşkili zamanı hüquqi aktların tələblərinə tam əməl edilməməsi təhsilin başa çatdırılmasının təsdiq olunması sahəsində əsaslı risklərə yol açıb. Belə ki, Universitetdə ümumilikdə 5 ədəd doldurulmuş diplomun qeydə alınmadığı, həmçinin 1997-2020-ci illəri və müxtəlif təhsil səviyyələrini əhatə edən doldurulmadan 185 ədəd diplom saxlanıldığı aşkar olunub.
Ümumilikdə təhsilin müxtəlif pillələrində ödənişli təhsil üzrə haqların uçota alınması, hesabatlılığın təmin edilməsi və bu haqların yığılması ilə bağlı əhəmiyyətli maliyyə pozuntularına səbəb olan nöqsanlara yol verilib, təhsil haqları üzrə borcların uçotunda ciddi təhriflər müəyyən olunub.
Bu il yanvarın 1-nə qədər Universitetdə təhsilini başa vurmuş və yaxud müxtəlif səbəblərdən təhsilini dayandırmış tələbələrlə bağlanmış müqavilələrin tələblərinə əməl edilməyərək təhsil aldığı müddətdə təhsil haqqı borcu alınmadan audit dövrünün sonuna debitor borc yaranaraq təhsil haqqı üzrə gəlirlər 11241,8 min manat, o cümlədən əcnəbi tələbələr üzrə 6985,1 min manat az icra edilib. Əcnəbi təhsilalanlar üzrə göstərilən borcun tərkibində bakalavr və magistratura təhsil səviyyələrində təhsil alan 1159 tələbə üzrə 6 069,1 min manat təhsil haqqı borcu uzun müddət təhsil haqqı borcunu ödəməyən və bir neçə tədris ili universitetlə əlaqə saxlamadığı və qeydiyyatdan keçmədiyi, həmçinin fərdi tədris planını imza etmədiyi halda xaric edilməyərək tələbə kontingentində saxlanılan tələbələri əhatə edib.
Təhsilin müxtəlif forma və səviyyələri üzrə təhsil haqlarının Nazirlər Kabinetinin təsdiq etdiyi həddən aşağı müəyyən olunması, eləcə də müqavilələrin təsbit edilmiş haqlar çərçivəsində bağlanılmaması, akademik borcların ləğv edilməsi üzrə məbləğlərin düzgün müəyyənləşdirilməməsi ümumilikdə gəlirlərin 761,6 min manat məbləğində az icra edilməsi ilə nəticələnib.
Təhsilalanlar üzrə hesabatlılığın təmin edilməsində yol verilmiş nöqsanlar dövlət sifarişi əsasında kadr hazırlığına ayrılmış 297,2 min manat məbləğində təhsil haqqı və təqaüd xərclərinin dövlət büdcəsinə qaytarılmaması ilə nəticələnib, eləcə də aidiyyəti məlumat bazalarının müqayisə edilməməsi, həmçinin təqaüd yerlərinin düzgün müəyyənləşdirilməməsi 94 min manat artıq maliyyələşmə məbləğinin formalaşmasına səbəb olub.
Hesablanmış və ödənilmiş əmək haqqı məbləğlərinin uyğunluğunun təmin edilməsi fonunda məcburi orta aylıq əmək haqqı məbləğinin düzgün hesablanılmaması bəzi hallarda artıq məzuniyyət haqlarının ödənilməsi, bir sıra hallarda hüquqi aktların tələblərinin tam nəzərə alınmaması məcburi ödənişlərin tutulmaması ilə nəticələnib.
Auditlə əhatə edilən illərdə Universitetdə müxtəlif xidmətlərin göstərilməsi üzrə bağlanmış icarə müqavilələrində icarəyə verilən sahənin ölçülərinin göstərilməməsi, eləcə də icarə məbləğinin düzgün müəyyənləşdirilməməsi və bəzi hallarda alınmaması hallarına yol verilib.
Auditlə əhatə edilən dövrdə Universitetdə mal və xidmətlərin alışı “Dövlət satınalmaları haqqında” qanunun tələblərinə əməl edilmədən, başqa sözlə, satınalma prosedurları tətbiq olunmadan həyata keçirilib.
Aktivlərin uçotu və hesabatlılığı ilə bağlı fəaliyyətin düzgün, tam təşkil edilməməsi dövlət əmlakının istifadəsinin düzgünlüyünün ədalətli qiymətləndirilməsi imkanlarını məhdudlaşdırıb, 316,4 min manat dəyərində əskikgəlmə aşkar edilib, bəzi hallarda aktivlərinin uçota alınmaması və dəyərinin düzgün müəyyənləşdirilməməsi maliyyə hesabatlarında zərər məbləğinin 2194,3 min manat təhrif olunması ilə nəticələnib.
Auditin nəticələri üzrə Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə Universitetin rəhbərliyi tərəfindən bir sıra tədbirlərin həyata keçirildiyi, o cümlədən doldurulmadan diplomların doldurulması və qeydə alınması üzrə işlərin görüldüyü, təkrar imtahan vermək üçün kredit haqqı məbləğinin fənlər üzrə müəyyən olunduğu, 1 yanvar 2023-cü il tarixinə təqdim edilmiş təhsil haqqı üzrə 1 701 min manat debitor və 35 688 manat kreditor məbləğinin uçota alındığı, ümumilikdə 469,5 min manat məbləğində vəsaitin müvafiq qaydada, maddi məsul şəxsin öhdəsində olan çatışmayan və dəyəri göstərilməyən 15 adda 145 ədəd maddi qiymətlinin natura formasında bərpa edildiyi, 70,4 min manat dəyərində artıqgəlmənin uçota götürüldüyü nəzərə alınıb.
Qərarda Nizamnamənin hüquqi aktların tələblərinə uyğun şəkildə yenidən hazırlanaraq təsdiq edilməsi, audit prosesində aparılmış inventarizasiya ilə aşkar edilmiş artıq gələn, həmçinin natura formasında bərpa edilmiş dəyəri göstərilməyən aktivlərin, həmçinin Sosial Xidmət Mərkəzinin binasının qiymətləndirilərək müvafiq qaydada uçota alınması və Nizamnamə fondunun məbləğində əks etdirilməsi, Naxçıvan Dövlət Universiteti Xəstəxanası və Naxçıvan Musiqi Kolleci üzrə xərclərin maliyyələşdirilməsinə dair hüquqi çərçivənin müəyyənləşdirilməsi ilə bağlı tədbirlərin həyata keçirilməsi qeyd olunub.
Kollegiya Qərarına əsasən əvvəlki illərdə podratçılar tərəfindən təhvil verilməyən maddi qiymətlilər üzrə əskikgəlmələr, həmçinin təmir-tikinti işləri, eləcə də xüsusilə əcnəbi tələbələr və II təhsil üzrə təhsil haqqının alınması sahəsində yol verilmiş nöqsanlarla bağlı müvafiq materiallar Baş Prokurorluğa göndərilib.