Büdcə
67
Hesablama Palatası Aqrar Xidmətlər Agentliyində nöqsanlar aşkar edib

Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi (AXA) və tabeliyindəki qurumlar üzrə dövlət vəsaitlərinin və əmlakının idarə olunmasının hüquqi aktların tələblərinə, eyni zamanda dövlət sektoru kontekstində düzgünlük aspektlərinə uyğunluq vəziyyətinin müəyyənləşdirilməsi məqsədi ilə audit aparıb.
"Renkinq" Palataya istinadən xəbər verir ki, auditlə 2020-2022-ci illər əhatə olunub, pul vəsaitlərinin hərəkəti üzərindən maliyyə tutumu ümumilikdə daxilolmalar üzrə 152,1 milyon manat, xaricolmalar üzrə 145,5 milyon manat təşkil edib.
Agentliyin tabeli qurumlarının müstəqil mühasibat uçotu subyekti olmaqla vergi ödəyicisi kimi ayrıca qeydiyyatda olduqlarına, geniş fəaliyyət istiqamətlərinin və səlahiyyətlərinin müəyyənləşdirildiyinə baxmayaraq həmin səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə resursları əsasən mərkəzləşdirilmiş qaydada proqnozlaşdırılıb və icra olunub ki, bu da inzibati idarə etmə ilə maliyyə axınlarının hesabatlılığı arasında ciddi uyğunsuzluqlar yaratmaqla mövcud institusional quruluşun tam işlək olmadığını deməyə əsas verib.
Dövlət baytarlıq xidmətlərinin, bitki sağlamlığı və bitkiçilikdə məhsuldarlığın artırılması sahələrində fitosanitar və aqrokimyəvi xidmətlərin təşkili və idarə edilməsi, kənd təsərrüfatı texnikaları ilə bağlı inzibati prosedurların yerinə yetirilməsi üzrə mövcud reqlamentlər işlək elektron proqram təminatı ilə dəstəklənməyib, maliyyə (mühasibat) əməliyyatları, o cümlədən əsas vəsaitlərin və ehtiyatların hərəkəti, debitor və kreditor şəxslərlə hesablaşmalar üzrə zəruri uçot və hesabatlılıq işlərinin avtomatlaşdırılması təmin edilməyib kağız və (və yaxud) elektron daşıyıcılar qismində pərakəndəlik mövcud olub, aktivlərin və öhdəliklərin inventarizasiyası aparılmayıb.
İdarəetmə və hesabatlılıq işlərinin elektronlaşdırılmaması hər növbəti il üçün fəaliyyətin etibarlı planlaşdırılmasına (tələbatın müəyyənləşdirilməsinə) da mənfi təsir göstərib, təsdiq edilmiş proqnozlar həddində açılmış maliyyələşmələrin 2020-ci ildə 12,3 milyon manatından və yaxud 31,9%-dən, 2021-ci ildə 10,5 milyon manatından və yaxud 21,5%-dən, 2022-ci ildə isə 6 milyon manatından və yaxud 11,8%-dən büdcə ilinin daxilində faktiki olaraq istifadə olunmayıb.
Təsərrüfatlardakı heyvanların identikləşdirilməsi ilə bağlı zəruri tədbirlərin həyata keçirilməməsi ölkə üzrə heyvanların statistik say göstəricilərinin bir o qədər də etibarlı olmadığını göstərməklə yanaşı, xəstəliklərin xüsusiyyətləri və arealı üzrə mümkün coğrafi (region və yaxud regionlar) məhdudiyyətlər bir qayda olaraq nəzərə alınmadan illik dövriliklə təsdiq olunan epizootiya əleyhinə profilaktik və diaqnostik Tədbirlər Planlarının əsaslandırılması səviyyəsinin də aşağı olduğunu deməyə əsas verib. Tədbirlər Planlarının icrasının real təşkili üçün regional strukturlar üzrə aylıq, rüblük hədəf göstəricilərinin müəyyənləşdirilməməsi, faktiki vaksinləşmənin istər elektron kənd təsərrüfatı informasiya sistemi, istərsə də hər-hansı digər əlaqəli proqram təminatı üzərindən elektronlaşdırılmasının təmin olunmaması bu sahədə problemlərin mövcudluğunu şərtləndirib.
Epizootiya əleyhinə 2022-ci ilin Tədbirlər Planı çərçivəsində iribuynuzlu və xırdabuynuzlu heyvanlar arasında dabaq xəstəliyinə qarşı vaksinasiya tədbirləri nəticəsində heyvanlarda yaranmış immunitetin ümumi səviyyəsinin müəyyən edilməsi məqsədilə sentyabr-oktyabr aylarında təsadüfi seçmə üsulu ilə 30 şəhər və rayonda fəaliyyət göstərən fərdi təsərrüfatlarda keçirilmiş seroloji monitorinqlərin nəticələri onu deməyə əsas verib ki, vaksinləşmə prosesinin yerinə yetirilməsi istiqamətində xərclənmiş vəsaitlərin səmərəlilik (nəticəlilik) səviyyəsi aşağı olub.
Auditlə toplanmış sübutlar gəlir əldə etmək məqsədilə kənd təsərrüfatı məhsullarının istehsalına cəlb edilmiş regional sort sınaq məntəqələrinin istifadəsindəki torpaq sahələrində istehsal prosesinin, o cümlədən çəkilən xərclərin, satışlardan daxilolmaların və borcların ilkin uçotunun bir qayda olaraq aparılmadığını, nağd hesablaşmalara yol verilməklə satışdan əldə olunan vəsaitlərin müvafiq xəzinə hesabına regional məntəqələrin məsul şəxslərinin adından ödənildiyini və bu prosesdə yubanmalara yol verildiyini deməyə əsas verib.
Ehtimal olunan qiymətlərin müəyyənləşdirilməsi prosesində alınması planlaşdırılan malların (işlərin və xidmətlərin) təchizatını (işlərin görülməsini və xidmətlərin göstərilməsini) həyata keçirən şəxslərdən sərbəst şəkildə qiymətlər barədə məlumatların əldə olunması imkanlarından səmərəli istifadə edilməyərək dövlət vəsaitinə qənaət etmə imkanları reallaşdırılmayıb.
Satınalma prosedurlarının nəticələri kimi qalib elan edilmiş malgöndərənlərlə (iş görənlərlə, xidmət göstərənlərlə) bağlanmış müqavilələrin yerinə yetirilməsi prosesində malların çatdırılmasının gecikdirilməsi halları üzrə müqavilələrə müddətlərin uzadılmasını nəzərdə tutan əlavələrin rəsmiləşdirilməsinə üstünlük verilib və müqavilə şərtlərinə uyğun cərimə məbləğlərinin vaxtında tətbiq olunması təmin edilməyib.
Xüsusi təhlükəli xəstəliklərə qarşı baytarlıq preparatlarının ehtiyat həddləri düzgün müəyyən edilməyib, ehtiyatların uçotu intizamsız şəkildə aparılmaqla vaksinlərin əsasən faktiki sərfiyyata uyğun deyil, regional baytarlıq idarələrinə təhvil-təslim olunduğu zaman (yəni, faktiki sərf olunmadan) uçotdan silinməsinə yol verilmiş, maliyyə uçotunda əks etdirilmədiyi halda, auditin gedişatında regional baytarlıq idarələrində faktiki olaraq 1,4 milyon manat dəyərində istifadə edilməmiş vaksin qalığının mövcudluğu aşkar edilib.
Zəruri ilkin rəsmiləşdirmə aparılmadan, o cümlədən torpaq sahəsinin mülkiyyət (və yaxud istifadə) mənsubiyyəti, dəqiq ünvanı əks etdirilmədən, torpaq və yaxud təsərrüfat sahibinin və yaxud istifadəçisinin (fermerin) imzası ilə təsdiqlənmiş hər-hansı sənəd əlavə edilmədən, sifarişli əsaslar üzrə ikitərəfli (qarşılqılı) münasibətlərin şərtlərini tənzimləyən hər-hansı təsdiqedici sənəd olmadan (debitor və kreditor dövriyyələr və borclar üzrə uçot aparılmadan) yalnız birtərəfli qaydada aktlar tərtib edilərək (bəzi hallarda regional icra hakimiyyətlərinin və yaxud bələdiyyələrin nümayəndələri qeyd olunaraq formal təsdiqlənməklə) müxtəlif məzmunlu tədbirlərin icrası kimi ümumilikdə 2,1 milyon manat dəyərində pestisidlərin, dezinfeksiya və dezinseksiya məhlullarının uçotdan silinməsinə yol verilib ki, bu da eyni zamanda büdcədənkənar daxilolma potensialının tam rəsmiləşdirilməməsi risklərinin yüksək olduğunu deməyə əsas verib.
Fiziki və hüquqi şəxslərin istifadəsində (dövlət qeydiyyat mənsubiyyətində) olan kənd təsərrüfatı texnikalarının 2020-ci ildə 54,8%-i, 2021-ci ildə 46,7%-i və 2022-ci ildə 47,6%-i texniki baxışdan keçirilməyib, həmin texnikaların texniki baxışa təqdim edilməməsinin səbəbləri araşdırılmayıb və texniki baxışa cəlb edilməsi istiqamətində zəruri tədbirlər görülməyib.
AXA-nın tabeliyində olan rayon (şəhər) baytarlıq idarələrinin 2021-ci ilin son aylarından AXA-nın Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinə birləşdirilməsinə baxmayaraq 66 regional baytarlıq və Dəmiryol Baytarlıq idarələrinin 2021-ci ilin əvvəlinə balansında qalmış 17,7 milyon manat dəyərində aktivlərin, eləcə də dəyəri 1,9 milyon manata bərabər olan müvafiq əmlakların auditin keçirildiyi müddətin sonunadək aidiyyəti üzrə təhvil verilməsi təmin edilməyib.
“II Kənd Təsərrüfatının İnkişafı və Kreditləşdirilməsi” layihəsinin revolver fondunda sərbəst qalan vəsaitin sonradan dövlət büdcəsinə qaytarılmaq şərtilə istifadə olunmasına Nazirlər Kabinetinin etiraz etmədiyinə dair müvafiq dərkənarına əsasən açılmış maliyyələşmə hesabına xərclənmiş 2,7 milyon manat məbləğində vəsaitin müvafiq (dövlət) büdcə hesabatlılığında əks etdirilməsi, eyni zamanda qaytarılması, eləcə də qaytarılmaq şərtilə maliyyələşdirilmiş həmin vəsaitin maliyyə (mühasibat) hesabatlarında göstərilməsi təmin edilməyib.
Hesablama Palatasının kollegiyası artıq ödənilmiş vəsaitlərin bərpası, müvafiq əmlakların təhvil işinin yekunlaşdırılması, ştat sayların optimallaşması və maliyyə hesabatlarındakı təhriflərin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.