Digər
60

Azərbaycanda kirayə mənzillərin siyahısına daha 268 mənzil əlavə olunub

Azərbaycanda kirayə mənzillərin siyahısına daha 268 mənzil əlavə olunub

İpoteka və Kredit Zəmanət Fondunun satmaq öhdəliyi ilə kirayə mənzil fonduna Abşeron rayonunda daha 268 tam təmirli mənzil əlavə edilib.

“Renkinq” Fonda istinadən xəbər verir ki, bunun 234-ü Abşeron rayonu, Saray qəsəbəsi, Məhəmməd Əsədov küçəsində yerləşən yaşayış kompleksində 1 və 2 otaqlı olmaqla, 34-ü isə Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Surxay Noçuyev küçəsində yerləşən kompleksdə təqdim olunur. Yaşayış sahələri 2, 3 və 4 otaqlıdır.

Yeni mənzillər Elektron ipoteka və kredit zəmanət sistemi (EİKZS) üzərindən seçim üçün sentyabrın 14-dən açıq olacaq. İndiyə qədər satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 3 913 vətəndaşla kirayə müqaviləsi bağlanıb.

Təklif edilən mənzillər sakinlərin istirahəti üçün geniş həyətyanı sahəyə malik, əsas infrastruktur obyektlərinə (məktəb, bağça, səhiyyə ocaqları, ictimai nəqliyyat) yaxın komplekslərdə yerləşir. Bütün yaşayış sahələri yeni və müasir tikinti materiallarından istifadə olunmaqla təmir olunaraq, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz, elektrik sayğacları ilə təchiz olunub. Mənzillərin mülkiyyət hüquqları dövlət qeydiyyatına alınıb.

Kirayəçilərə dair tələblər, müraciətlərin qəbulu, onlara baxılması, yaşayış sahələrinin seçilməsi və rəsmiləşdirilməsi barədə ətraflı məlumatı Fondun internet səhifəsindən (www.mcgf.gov.az), “1549” Çağrı Mərkəzinə zəng etməklə, elektron sistemdən istifadəyə dair məlumatı isə EİKZS-də yerləşdirilmiş təlimatdan əldə etmək mümkündür.

Bölmədən olan bütün xəbərlər