İnvestisiya
152

Maliyyə Nazirliyi 50 milyon manat "borc alacaq"

Maliyyə Nazirliyi 50 milyon manat

Yanvarın 31-də “Bakı Fond Birjası” QSC-də (BFB) Maliyyə Nazirliyinin 50 milyon manatlıq, 3 il tədavül müddətli istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.  

“Renkinq” BFB-yə istinadən xəbər verir ki, hərraca nominal dəyəri 100 manatdan 500 min istiqraz çıxarılacaq.

Onlara illik 7% gəlirlilik vəd olunur. Faizlər 6 aydan bir (1 avqust 2023-cü il, 30 yanvar 2024-cü il, 30 iyul 2024-cü il,   28 yanvar 2025-ci il, 29 iyul 2025-ci il və 27 yanvar 2026-cı il tarixlərində) ödəniləcək.

Hərracda sifarişlər BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-a qədər toplanılacaq. Qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Tələb təklifin 80%-dən az olsa, emitent sifarişləri qəbul etməyə bilər. Tələb təklifi üstələsə və qiymət emitenti qane etsə, hərraca çıxarılan istiqrazlar 50%-ə qədər artırıla bilər.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan digər investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib. 

Bölmədən olan bütün xəbərlər