İnvestisiya
435

Azərbaycanda Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib

Azərbaycanda Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib

Azərbaycan Mərkəzi Bankının (AMB) yaratdığı Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilib.

“Renkinq” bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, yeni sistem kapital bazarının inkişafına dair strateji planda, həmçinin “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar, investorların maraqlarının qorunması, biznes etikası və korporativ sosial məsuliyyət” işçi qrupunun 2022-ci il üçün Fəaliyyət Planında müəyyən edilmiş hədəflərin icrası çərçivəsində yaradılıb.

Sistem vasitəsilə investisiya qiymətli kağızlarının (səhm və istiqrazlar) dövlət qeydiyyatına alınması və yerləşdirilməsi ilə bağlı AMB, Milli Depozit Mərkəzi və "Bakı Fond Birjası" QSC-nin emitentlərə göstərdiyi xidmətlərin elektron şəkildə həyata keçirilməsinə başlanılıb. Bu sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir.

Sistem investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiqi, səhmlərin birləşdirilməsi, xırdalanması və nominal dəyərinin artırılması və yaxud azaldılması zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, hüquqi şəxslərin yenidən təşkili zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiqi, investisiya qiymətli kağızlarının ölkə ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsinin dövlət qeydiyyatına alınması ilə bağlı müvafiq əməliyyatları elektron formada aparmağa imkan verir.

Əvvəllər adıçəkilən əməliyyatlar üzrə emitentlər yuxarıda qeyd olunan hər üç quruma ayrı-ayrılıqda müraciət edirdi və tələb olunan sənədlər kağız daşıyıcılarda təqdim olunurdu. Prosesin vahid portal üzərindən icrası və əməliyyatların elektronlaşdırılması ölkəmizdə kapital bazarının inkişafına, bu sahədə xidmət keyfiyyətinin artırılmasına və emitentlərin rahatlığının təmin edilməsinə mühüm töhfə verəcək.

Kapital bazarından səhm və istiqraz emissiya etməklə maliyyələşmə istəyən şəxslər, habelə anderraytinq xidmətini göstərən investisiya şirkətləri http://securities.e-cbar.az internet resursu vasitəsilə keçid etməklə sistemdən istifadə edə bilərlər.

Bölmədən olan bütün xəbərlər