Digər
149

Ekspert: "Kriptovalyutaların alqı-satqısı ilə bağlı "qara bazar" riski var"

Ekspert:

Azərbaycanda yeni nəsil əhali blokçeyn texnologiyalarından, o cümlədən kriptovalyutalardan istifadəyə daha nikbin yanaşır. Amma rəqəmsal valyutaların alqı-satqısı ilə bağlı "qara bazar" riskləri var.

"Renkinq" xəbər verir ki, bunu Azərbaycan banklarından birinin texnologiya üzrə baş direktoru Vüsal Xəlilov "Azərbaycan Banklar Assosiasiyası" (ABA) İctimai Birliyi, AMB, İqtisadi İslahatların Təhlili və Kommunikasiyası Mərkəzinin dəstəyi ilə, “Mastercard” beynəlxalq ödəniş sistemi ilə əməkdaşlıq çərçivəsində Bakıda keçirilən VI Beynəlxalq Bankçılıq Forumunda bildirib.

Onun sözlərinə görə, təcrübəli insanlar həmin riskləri görür: “Burada həm vergidən yayınma halları, həm də keyfiyyətsiz məhsul və xidmətlərin özünə yer etməsi ola bilər. Digər tərəfdən isə nəzarətsiz maliyyə axını daha böyük miqyaslı problemlərin əsasını qoya bilər. Hesab edirəm ki, nəzarət bu sahədə çox önəmlidir. Biz nəzarəti iki hissəyə bölə bilərik. Birincisi hansısa mərkəzləşdirilmiş təşkilatların, Mərkəzi Bankların və digər qurumların nəzarəti, ikincisi isə hüquqi müstəvidə bir nəzarət ola bilər”, - deyə o, qeyd edib.

"Statistikaya baxsaq təkcə “Bitcoin change” üzərindən itirilmiş və oğurlanmış məbləğin 140 milyard ABŞ dolları olduğunu görərik. Bu məbləğ “Bitcoin”in qiymətinə əsasən arta və yaxud azala bilər, ancaq bu məbləği iki dəfə azaltsaq belə kifayət qədər yüksəkdir. Bu hallarda Mərkəzi Bankların və yaxud digər bankların çıxış edəcəyi qarşı tərəf yoxdur və bu halın özünün riski var. Digər tərəfdən isə biz görürük ki, bir çox kripto layihələrdə mərkəzləşdirilmiş olmama çox üstün bir faktor kimi göstərilir. Əlbəttə, bunun müsbət tərəfləri də var, amma bu proses mərkəzləşdirilmiş olduğu halda, yəni arxada hər hansı bir bank və yaxud təşkilat olduğu halda müştərilərin maraqları qorunur”, - deyə ekspert əlavə edib.

Bank rəsmisi kripto layihələrin mərkəzləşdirilmiş olmadığı hallarda müştərinin öhdəliyinin artdığını və maraqlarına olan kiber hücumlara qarşı qorunmanın bu sahədə olan biliklərindən asılı olduğunu qeyd edib: "Bu gün biz görürük ki, hansısa bir müştəri digər müştəriyə pul köçürməsi etdiyi halda gecikmə və yaxud çatışmazlıq olduğunda, onların müraciət etməyi üçün bir neçə instansiya var. Amma mərkəzləşdirilməmiş birjalarda və digər nəzarətsiz maliyyə axınının olduğu bazarlarda səhv olduğu halda müraciət ediləcək bir qurum yoxdur. Hesab edirəm ki, ən böyük risklər bu müştərilərin öz rəqəmsal aktivlərini itirməsi, keyfiyyətsiz məhsul və xidmətlər alınmasıdır. Bu səbəbdən iki dəyişməz vacib amil var. Texnoloji innovasiyanın qarşısını almaq mümkün deyil. Digər tərəfdən isə hər birimiz bu sahədə öz bilik və bacarıqlarımızı artırmalıyıq. Bu barədə həm Mərkəzi Bank, həm də, digər banklar treninqlər keçirməli, məlumatlandırma işi aparılmalıdır ki, vətəndaşlar öz biliklərini artırsın”.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər