İnvestisiya
808
Azərbaycanda Qiymətli Kağızların Emissiyası Sistemi təqdim edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) Qiymətli Kağızların Emissiyası Sisteminin təqdimatını keçirib.
"Renkinq" quruma istinadən xəbər verir ki, yaxın günlərdə istifadəyə veriləcək sistem kapital bazarında çevik maliyyələşmə imkanlarının yaradılmasına və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsinə hesablanıb. Bununla da, AMB, Milli Depozit Mərkəzi (MDM) və "Bakı Fond Birjası" QSC-nin (BFB) xidmətləri rəqəmsallaşdırılacaq, “bir pəncərə” prinsipi ilə göstəriləcək.
Layihə çərçivəsində investisiya qiymətli kağızların buraxılışının dövlət qeydiyyatına alınması, emissiya prospektlərinin və informasiya memorandumlarının təsdiq edilməsi, hüquqi şəxslərin yenidən təşkil olunması zamanı səhm buraxılışının dövlət qeydiyyatına alınması, investisiya qiymətli kağızlarının dövriyyədən çıxarılması, emissiyanın yekunları haqqında hesabatın təsdiq edilməsii, investisiya qiymətli kağızlarının ölkə ərazisindən kənarda buraxılışı ilə bağlı dövlət qeydiyyatının aparılması və emissiya prospektində və buraxılışla bağlı qərara əlavə və dəyişikliklərin edilməsi prosesləri rəqəmsallaşdırılıb.
Sistemdə emitentlərin kapital bazarından maliyyələşmə imkanlarının genişləndirilməsi üçün bir sıra funksionallıqlar yaradılıb. Proseslərin elektronlaşması nəticəsində emitentlər yuxarıda qeyd olunan qurumlara mərkəzləşdirilmiş qaydada vahid portal üzərindən müraciət etmək və qurumların tələb etdiyi, təkrarlanan sənədləri yalnız bir dəfə sistemə yükləmək imkanı əldə edəcəklər. Həmçinin, sistemdə qiymətli kağızların depozitar sistemində saxlanması və uçotunun aparılması ilə bağlı MDM-lə, qiymətli kağızların listinqi üzrə BFB ilə müqavilələrin elektron qaydada bağlanılması, emissiya prospektlərinin təsdiqi ilə bağlı dövlət rüsumunun sistem üzərindən ödənilməsi və müraciətlə bağlı səlahiyyətlərin sistem vasitəsi ilə III şəxsə ötürülməsi imkanları yaradılıb Əlavə olaraq, emitentlərin müraciətinin statusu barədə elektron poçt və mesaj formasında mobil telefon vasitəsi ilə məlumatlandırılması və sənədlərin AMB-nin Məlumatların Elektron Açıqlanması Sistemində açıqlanması kimi funksionallıqlar da nəzərdə tutulub.
Təqdimatda MDM, BFB, “Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası” İctimai Birliyi və investisiya şirkətlərinin nümayəndələri iştirak edib. Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb və onları maraqlandıran mövzularla bağlı müzakirələr aparılıb.