Bankçılıq
148

Sədr: “Access Bank” 20 illik yubileyini qeyd edir və daha böyük nailiyyətlərə doğru addımlayır”

Sədr: “Access Bank” 20 illik yubileyini qeyd edir və daha böyük nailiyyətlərə doğru addımlayır”

“Access Bank” QSC bu il 20 illik yubileyini qeyd edir. Bankın İdarə Heyətinin sədri David Tsiklauri 20 illik fəaliyyət, hazırkı vəziyyət, eləcə də gələcək planlar barədə müsahibə verib:

- Cənab Tsiklauri, sizcə, “Access Bank”ın son 20 ildə Azərbaycan bazarında  inkişafına və uğur qazanmasına nə kömək edib?

- “Access Bank”da yarım ilə yaxın işləyib bu qənaətə gəlmişəm ki, Bankın uğur düsturu onun insanları – komandamız, Müşahidə Şurası və səhmdarlarımızdır. Bazarın son illər üzləşdiyi bəzi çətinliklərə baxmayaraq, “Access Bank”da işimizi səmərəli şəkildə həyata keçirmək üçün hər zaman enerjili və əzmkarıq. Bank həm də yüksək korporativ idarəetmə və şəffaflıq standartları ilə seçilir. Bu, onun uğur və rifahının resepti olaraq qalır.

- Son 20 il ərzində “Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə mədəniyyətinin formalaşdırılması və daha da möhkəmlənməsinə böyük töhfələr verib. Yerli bazarda “Access Bank” üçün bu gün və yaxın gələcəkdə  hansı imkanları görürsünüz?

- “Access Bank” Azərbaycanda mikromaliyyələşdirmə üzrə açıq-aşkar liderdir və biz bu seqmentdə mövqeyimizi qoruyub saxlamaq niyyətindəyik. Hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının yüksək inkişaf dinamikası ilə onun bütün sektorlarında mikro biznesin kreditləşdirilməsi üçün daha çox imkanlar yaranacaq. Kiçik və orta biznesi daha çox dəstəkləmək məqsədilə Bank bu seqmentin artan ehtiyaclarına yönəlmiş bir çox təşəbbüslər hazırlayır. Eyni zamanda, müştərilərin maliyyə sorğularına baxılma müddətini xeyli azaltmaq niyyətindəyik ki, onlar ehtiyac duyduqları vəsaitləri daha tez əldə edə bilsinlər.

Digər tərəfdən, pərakəndə satış seqmenti də “Access Bank” üçün çox maraqlıdır, çünki bazar bizə kifayət qədər mənimsənilmiş kimi görünmür. Müddətli əmanətlərin məbləğinə görə ən böyük banklardan biriyik. Bu o deməkdir ki, “Access Bank”a güvənirlər. Biz pərakəndə satış seqmenti üçün təkliflərimizin çeşidini genişləndirmək niyyətindəyik ki, müştərilərimiz təkcə yığım deyil, həm də gündəlik həyatda bu təkliflərdən istifadə edə bilsinlər.

- İnkişaf etməkdə olan bazar reallıqları qısamüddətli planlaşdırmanı diktə edir, amma soruşmaq istərdim... “Access Bank”ın 20 illik yubileyi mühüm mərhələdir. Bankı 30 illiyində necə təsəvvür edirsiniz?

- Həqiqətən də sürətlə inkişaf edən regionda və daim böyüyən bazarda fəaliyyət göstəririk. Hər 4-5 ildən bir maliyyə institutlarının fəaliyyət göstərdiyi mühitə yetəri qədər təsir göstərən dəyişikliklər baş verir və biz baş verənlərə uyğunlaşmalıyıq. Məsələn, koronavirus (COVID-19) pandemiyası bizə heç vaxt ağlımıza gəlməyəcək şeylər öyrətdi.

Gəlin, Bankın 30 illik yubileyi haqqında deyil, daha qısa müddətdən danışım - deyək ki, 3 il sonra. Əminəm ki, 3 ildən sonra “Access Bank” həm kiçik və orta biznesin maliyyələşdirilməsi, həm də pərakəndə satış üzrə əsas oyunçu olacaq. Mən Bankı müştərilər üçün sadə və effektiv maliyyə məhsulları təqdim etmək üçün innovasiyalara sərmayə qoyan bank kimi görürəm.

- “Access Bank”da işləməkdə ən çox nəyi bəyənirsiniz?

- Məmnun müştəriləri! Onları görmək çox xoşdur. Müştərilərimizi məmnun etmək üçün komandamızın daim təkmilləşdirməyə və reallaşdırmağa çalışdığı  hər bir əməliyyatın pərdəarxası məqamları var. Komanda tərəfindən pərdəarxası işlərin düzgün qurulduğunun göstəricisi isə məhz həmin o məmnun müştərilərdir.  

“Access Bank” komandası ilə istənilən planları həyata keçirmək olar. Ətrafımda həmfikir insanlar görmək və onlarla işləmək çox xoşdur.

Bölmədən olan bütün xəbərlər