Bankçılıq
673
Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının toplantısı keçirilir

Bu gün Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü İllik Toplantısı işə başlayıb.
“Renkinq” xəbər verir ki, 2 gün davam edəcək tədbir maliyyə naziri, Bankın Azərbaycan üzrə təmsilçi direktoru Samir Şərifovun sədrliyi ilə baş tutub.
İllik Toplantıda QDTİB-yə üzv ölkələrin - Albaniya, Bolqarıstan, Gürcüstan, Moldova, Rumıniya, Rusiya, Türkiyə, Yunanıstan və Ukraynanın bank üzrə təmsilçi direktorları iştirak edəcək. Rəhbərlər Şurası Bankın fəaliyyətini qiymətləndirərək 2021-ci il üzrə maliyyə hesabatlarını təsdiq edəcək. İclasda üzv ölkələr arasında bank və biznes sahəsində mövcud imkanların və potensialın daha da genişləndirilməsi, kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.
Tədbirin II günü - sabah isə İllik Toplantı çərçivəsində İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) və regional biznes assosiasiyalarının iştirakı ilə “Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı biznes-forum təşkil ediləcək. Özəl sektor nümayəndələri və ekspertlərin iştirak edəcəyi tədbirdə iqtisadi diversifikasiya məsələləri müzakirə olunacaq, Qara dəniz regionu üzrə biznes rəhbərləri Azərbaycanda və onun regionlarında ticarət və investisiya imkanlarını diqqət mərkəzində saxlayacaq.