Sığorta
913
Azərbaycanda 11 sığorta şirkətinin ödənişləri artıb

Bu ilin yanvar-aprel aylarının yekunlarına görə, Azərbaycandakı 20 sığorta şirkətindən 11-nin ödənişləri illik müqayisədə artıb, 7-nin ödənişləri azalıb, 2 şirkət (“Aqrar Sığorta Müştərək Sığorta Şirkəti” və “Meqa Həyat Sığorta” ASC-lər) ötən ilin yanvar-aprel aylarında ödəniş etmədiyi üçün onların ödənişlərində dinamika qeydə alınmayıb.
"Renkinq” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının açıqladığı statistik hesabatda bildirilir.
Hesabata əsasən, son 1 ildə ödənişləri ən çox artan şirkət “Bakı Sığorta” ASC-dir. Bu şirkət 4 ay ərzində 795 min manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 4,6 dəfə çoxdur. Ödənişləri ən az artan şirkət isə “Atəşgah Sığorta” ASC-dir. Bu şirkətin ödənişləri 3,897 milyon manat təşkil edib ki, bu da illik müqayisədə 9% çoxdur.
Ödənişləri azalan şirkətlər arasında ən pis vəziyyət "Atasığorta" ASC-dədir. Bu şirkət il ərzində 2,344 milyon manat ödəniş edib ki, bu da 1 il əvvələ nisbətən 14,1% azdır. Ödənişlərdə azalma baxımından ən yaxşı vəziyyət isə “İpək Yolu Sığorta” ASC-dədir. Bu şirkətin ödənişləri 75,1% azalaraq 34 min manata düşüb.