İnvestisiya
504

"Azərbaycan Beynəlxalq Bankı"nın istiqrazları listinqə daxil edilib

Bu gün "Bakı Fond Birjası" QSC-nin (BFB) Listinq Komitəsinin qərarı ilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-nin (ABB) 20 milyon manatlıq istiqrazları premium bazar seqmentində listinqə daxil edilib.

“Renkinq” bu barədə BFB-yə istinadən xəbər verir.

Məlumata görə, qiymətli kağızlar rəqabətli hərrac üsulu ilə yerləşdiriləcək. Hərracın tarixi azı 2 iş günü qalmış BFB-nin internet səhifəsində açıqlanacaq.

Xatırladaq ki, söhbət hər birinin nominal dəyəri 1 000 manat olan 20 000 ədəd faizli, sənədsiz, adlı, təminatsız istiqrazdan gedir. Qiymətli kağızlar 2 il tədavüldə olacaq. Onların illik gəlirliliyi 6%-dir. Faizlər rüblük ödəniləcək.

Prosesin anderrayteri “ABB-İnvest İnvestisiya Şirkəti” QSC-dir. Bu maliyyə qurumu həm də istiqrazlar üzrə marketmeyker xidməti göstərəcək. Mayın 13-də Birja ilə investisiya şirkəti arasında marketmeyker müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "ABB-İnvest" istiqrazların tədavül müddətində gündəlik 50 min manatdan az olmayaraq alış və satış öhdəliyi götürüb.

Emitentin tədavül müddətində qiymətli kağızları geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər