Bankçılıq
230

“Bank VTB Azərbaycan”a yeni sədr təyin edilib

“Bank VTB Azərbaycan”a yeni sədr təyin edilib

“Bank VTB Azərbaycan” ASC-nin İdarə Heyətinə yeni sədr təyin edilib.

Bu, İqor Okayevdir.

O, Bankın Azərbaycanda biznesinin inkişafı, müştəri bazasının ikiqat artırılması və rəqəmsallaşma kimi strateji vəzifələrin icrasına cavabdeh olacaq.

İ.Okayevin əsas vəzifələri Bankın strategiyasının həyata keçirilməsi, maliyyə göstəricilərinin, o cümlədən rəqəmsallaşma və yeni məhsul-xidmətlərin tətbiqi hesabına artımı olacaq. 2023-cü ilə qədər “Bank VTB Azərbaycan” 70 minə yaxın pərakəndə müştəriyə və 3,5 minə yaxın şirkət və müəssisəyə xidmət göstərməyi planlaşdırır. Bankın rəqəmsal kanallarında satışın payı fiziki şəxslər üçün 80%-ə, hüquqi şəxslər üçün isə 85%-ə çatmalıdır.

“Törəmə banklarımızın rəhbərliyi qarşısında müştərilər üçün qabaqcıl məhsul və xidmətlərin tətbiqi və bazar mövqelərinin gücləndirilməsi vəzifəsi durur. Azərbaycan biznesimizin gələcək inkişafı üçün mühüm bazardır. “Bank VTB Azərbaycan” respublikaya, xüsusən də iqtisadiyyatın real sektoruna investisiyaların cəlb edilməsi istiqamətində fəal iş aparır. Biz maliyyə xidmətləri sahəsində ən yaxşı təcrübələrimizi və texnoloji həlləri tətbiq edərək, onları ölkənin sakinləri və biznesləri üçün uyğunlaşdırırıq. Bank bu işi İ.Okayevin rəhbərliyi altında davam etdirəcək, onun bilik və təcrübəsi Azərbaycanda VTB Qrupunun strategiyasını uğurla həyata keçirməyə kömək edəcək” - deyə, “Bank VTB”nin prezidenti və İdarə Heyətinin sədri Andrey Kostin bildirib.

İ.Okayev Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi Münasibətlər fakültəsini bitirib, 2003-cü ildən bank sektorunda çalışır. O, əvvəllər “Unibank” ASC-də rəhbər vəzifələrdə çalışıb, 2019-cu ildə Bankın İdarə Heyəti sədrinin I müavini, 2020-ci ildə İcraçı Direktoru (CEO) vəzifələrinə təyin edilib, 2016-2017-ci illərdə o, həmçinin “Bank VTB Azərbaycan”ın İH-nin üzvü olub, Bankın korporativ və pərakəndə biznesin inkişafı departamentlərinə rəhbərlik edib.

İ.Okayev son 10 ildə “Bank VTB Azərbaycan”ın sədri seçilmiş ilk ölkə vətəndaşıdır.

2021-ci ilin III rübünün yekunlarına görə, “Bank VTB Azərbaycan”ın aktivləri ilin əvvəlindən 7,3% artaraq 230,5 milyon manatı keçib. Bu il Bankın kredit portfeli 38%, depozit portfeli isə 16,8% artaraq müvafiq olaraq 168,3 milyon manat və 96,2 milyon manat təşkil edib.

Bölmədən olan bütün xəbərlər