İnvestisiya
151

"Bravo"nun istiqrazlarına 19 investor maraq göstərib

Bu gün "Bakı Fond Birjası" QSC-də "Bravo" supermarketlər şəbəkəsini idarə edən "Azərbaycan Supermarket" MMC-nin 10 milyon manat dəyərində istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

"Renkinq" bu barədə Birjaya istinadən xəbər verir.

Məlumata görə, hərraca hər birinin nominal dəyəri 1 000 manat olan 10 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz çıxarılıb. Qiymətli kağızlar standart bazar seqmentində, birqiymətli hərrac üsulu ilə investorlara təklif olunub.

İstiqrazlara 19 investor qiymət intervalı 1 000 manat (10,5%) və 1 052,47 manat (8,5%) olan, ümumi məbləği isə 27,31 milyon manat təşkil edən 40 sifariş təqdim edib və yerləşdirmə tam baş tutub. Emitentin qərarına əsasən, istiqrazların kəsmə qiyməti 1 032,42 manat (9,25%), orta ölçülmüş qiyməti isə 1 039,97 manat (8,97%) müəyyən olunub.

Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC-dir.

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb.

Bölmədən olan bütün xəbərlər