İnvestisiya
158

“Bravo” manatla, illik 10,5% gəlirliliklə istiqraz buraxır

“Bravo” manatla, illik 10,5% gəlirliliklə istiqraz buraxır

“Azərbaycan Supermarket” MMC "Bakı Fond Birjası" QSC-də 40 milyon manatlıq istiqraz yerləşdirəcək.

“Renkinq” xəbər verir ki, hər birinin nominal dəyəri 1 000 manat olan 40 000 ədəd faizli, təminatsız, sənədsiz, adlı istiqraz kütləvi təklif üsulu ilə yerləşdiriləcək. Qiymətli kağızlar 3 il müddətində tədavüldə olacaq. Onların illik gəlirliliyi 10,5%-dir. Faizlər rüblük ödəniləcək. Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. 

Emintentin istiqrazları tədavül müddətində geri alması nəzərdə tutulmayıb. 

Xatırladaq ki, “Azərbaycan Supermarket” 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 2 000 manatdır. Şirkət məşhur supermarketlər şəbəkəsi "Bravo"nun idarə edilməsi ilə məşğuldur. 

"Azərbaycan Supermarket"in son 3 illik maliyyə göstəriciləri onun zərərlə işlədiyindən xəbər verir. Belə ki, şirkət 2018-ci ili 43,646 milyon manat, 2019-cu ili 41,776 milyon manat, 2020-ci ili isə 46,929 milyon manat zərərlə başa vurub. 

Bununla belə, zərərlə işləməsi "Azərbaycan Supermarket"in böyüməsinə mane olmayıb. Bu il yanvarın 1-nə şirkətin aktivləri 465,462 milyon manat olub ki, bu da ötən il yanvarın 1-i ilə müqayisədə 31,25%, 2 il əvvələ nisbətən isə 92,6% çoxdur. 

Bölmədən olan bütün xəbərlər