Bankçılıq
124

“Bank Respublika” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

“Bank Respublika” və Azərbaycan Dövlət İqtisad Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Ölkəmizdə təhsilin inkişafına böyük önəm verən “Bank Respublika” ASC və respublikamızın qocaman ali təhsil ocaqlarından biri olan Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) arasında əməkdaşlıq memorandumu imzalanıb.

Qarşılıqlı əməkdaşlığın əsas istiqamətlərini müəyyən edən memorandumu bankın nümayəndələri və universitetin struktur rəhbərlərinin iştirakı ilə “Bank Respublika”nın İdarə Heyətinin sədri Tariyel İsmayılov və UNEC rektoru, professor Ədalət Muradov imzalayıb.

Memorandumda UNEC ilə “Bank Respublika” arasında müasir təhsil proqramları sahəsində əməkdaşlıq, təhsil və bank sahəsində innovasiya fəaliyyətinin birgə həyata keçirilməsi, biznes proseslərində təhsil və informasiya texnologiyalarının tətbiqi, birgə seminar, treninq, konfrans və digər tədbirlərin təşkili, bankda tələbələr üçün staj keçirilməsi, sosial layihələrin işlənməsi və s. nəzərdə tutulur.

İmzalanma mərasimində çıxış edən Ə.Muradov UNEC-də həyata keçirilən yeniliklərdən söz açıb və universitetin hədəfləri barədə məlumat verib. “Bank Respublika” ilə əməkdaşlığın genişləndirilməsindən məmnunluğunu ifadə edən rektor, gənc müəllimlərin xarici universitetlərdə tədqiqat aparması, eləcə də xaricdə fəaliyyət göstərən müəllimlərin UNEC-də tədrisə cəlb olunması istiqamətində tərəfdaşlığın vacibliyini bildirib.

T.İsmayılov isə UNEC ilə əməkdaşlığın perspektivlərindən söhbət açıb,  “Bank Respublika”nın gənclərin peşəkar mütəxəssis kimi yetişməsinə dəstək olacağını deyib, eləcə də bankın əməkdaşlarının UNEC-in korporativ təhsil imkanlarından yararlana biləcəyinin hər iki tərəf üçün faydalı olacağını vurğulayıb.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və yaxud 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Bölmədən olan bütün xəbərlər