Bankçılıq
127

“Azərbaycan Banklar Assosiasiyası" və Qarabağ Dirçəliş Fondu əməkdaşlığa başlayıb

“Azərbaycan Banklar Assosiasiyası

“Azərbaycan Banklar Assosiasiyası” (ABA) İctimai Birliyi və Qarabağ Dirçəliş Fondu (QDF) arasında işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, dayanıqlı iqtisadiyyata, yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi üçün Əməkdaşlıq Memorandumu imzalanıb.

“Renkinq” bu barədə Assosiasiyaya istinadən xəbər verir.

Məlumata görə, sənədi ABA-nın Rəyasət Heyətinin sədri Zakir Nuriyev və QDF-in İdarə Heyətinin sədri Rəhman Hacıyev imzalayıb.

Əməkdaşlıq Memorandumunun məqsədi işğaldan azad edilmiş ərazilərin bərpası və yenidən qurulması, dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə dəstək göstərilməsi sahəsində əməkdaşlığın həyata keçirilməsini, eyni zamanda mümkün olduğu halda bankların xidmət şəbəkəsi, məhsulları və digər resurslarının səfərbər olunması vasitəsi ilə QDF-ə köçürülən ianələrin artımını təşviq etməkdir.

Razılaşmaya əsasən, yuxarıda qeyd olunan məqsədlərə nail olmaq üçün sənəddə QDF və ABA üzvləri arasında əməkdaşlıq mühitinin və kommunikasiyasının yaradılması, mövcud işçi qruplarının təlimatlandırılması ilə yanaşı ehtiyac olduğu təqdirdə yeni işçi qruplarının yaradılması, QDF-in işçi qruplarının iclaslarında iştirakının təmin edilməsi, Fondun təqdim etdiyi layihələrin ABA üzvlərinə kommunikasiya edilməsi, maliyyələşdirilməsi imkanlarının təhlili və araşdırılması kimi məsələlər öz əksini tapıb.

Bu əməkdaşlıq eyni zamanda işğaldan azad edilən ərazilərə qayıdacaq vətəndaşların güzəştli bank xidmətləri, eləcə də həmin ərazilərdə fəaliyyət göstərəcək şirkətlərin güzəştli bank xidmətləri ilə təmin edilməsi imkanlarının araşdırılması kimi əhəmiyyətli mövzuları da əhatə edir.

Tərəflər bu əməkdaşlığın işğaldan azad edilən ərazilərin bərpası, yenidənqurulması, sosial-iqtisadi rifahının yaxşılaşdırılması istiqamətində görülən işlərdə əhəmiyyətli rol oynayacağını ifadə ediblər.

Bölmədən olan bütün xəbərlər