Qeyri-bankçılıq
294

Azərbaycanda ev əşyalarını girov qoyanlara kredit vermək özünü doğruldurmu?

Azərbaycanda ev əşyalarını girov qoyanlara kredit vermək özünü doğruldurmu?

Təxminən 3 ildir ki, Azərbaycan Mərkəzi Bankı yanında Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri fəaliyyət göstərir.

Reyestr ölkədə kiçik və orta sahibkarlıq (KOS) subyektlərinin maliyyə vəsaitlərinə əlçatanlığını yaxşılaşdırmaq və onların daşınar əmlakı girov qoyaraq kredit almaq imkanlarını artırmaq məqsədilə yaradılıb.

2020-ci ilin sonuna burada təxminən 52 min daşınar əmlak barədə bildiriş olub ki, bu da 2019-cu ilin sonuna nisbətən təxminən 10 min bildiriş (24%) çoxdur.

Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestrindən bütün növ kredit təşkilatlarının istifadə etməsi nəzərdə tutulsa da, ondan daha çox faydalanan bank olmayan kredit təşkilatlarıdır (BOKT). Bəs ev əşyalarını girov qoyanlara kredit vermək özünü doğruldurmu? Bu cür kreditləşmə mikromaliyyə qurumlarına sərf edirmi?

Bu məsələlərə aydınlıq gətirmək üçün suallar "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin İdarə Heyətinin sədri Cəlal Əliyevə ünvanlanıb.

Hər daşınar əmlak girov kimi qəbul edilmir

Onun sözlərinə görə, BOKT-ların kredit portfelində daşınar əmlakın girovluğu ilə verilən kreditlərin payı çox azdır. Çünki həmin əmlaklarla bağlı risklər kifayət qədər çoxdur və buna görə də kredit təşkilatları hər ev əşyasını girov kimi qəbul etməməyə çalışırlar: "Məsələn, qanuna görə girov qismində televizor, soyuducu, kondisioner kimi məişət texnikası, eləcə də mobil telefonlar çıxış edə bilər. Amma qanun həm də bəzi əşyaları kreditin təminatına yönəldilməsinə məhdudiyyət olan aktivlər kimi qiymətləndirir. Yəni borcalanın cəmi bir soyuducusu varsa, onu ödənilməmiş kreditin əvəzi kimi götürmək olmur. Çünki məhkəmə vətəndaşın soyuducusuz normal yaşaya bilməyəcəyini nəzərə alaraq həmin əşyanı müsadirə etməyə imkan verən qərar qəbul etmir".

Hər 6 aydan bir monitorinqlər keçirilir

"Digər bir risk isə həmin daşınar əmlakların özgəninkiləşdirilməsi, yəni satılması ehtimalıdır. Buna görə də girov kimi daha çox daşınar biznes aktivlərinə üstünlük verilir. Bura sənaye istehsalı ilə bağlı avadanlıqlar, dəzgahlar daxildir. Kənd təsərrüfatının kreditləşməsi zamanı isə daşınar əmak kimi aqrar texnika, iri və kiçik buynuzlu mal-qara götürülür. Əgər daşınar əmlak predmeti iri buynuzlu mal-qaradırsa, əsas üstünlük südlük heyvanlara verilir. Çünki fermer krediti 2 illik götürə bilər, halbuki, ətlik mal-qara 5-6 ay yemləndikdən sonra kəsimə gedir. Qoyunçuluqda da yenə eyni səbəbdən damazlıq heyvanlara üstünlük verilir. Yarana biləcək mənfi halların qarşısını almaq üçün 6 aydan bir monitorinqlər keçirilir. Bu zaman borcalanın biznesinin əvvəlki səviyyədə olub-olmaması müəyyən edilir, girovun cari durumu yoxlanılır. Belə tədbirlər isə izafi xərcləri artırır və hər manata düşən gəlirliliyi azaldır. Onu da nəzərə almaq lazımdır ki, daşınar əmlak girovluğu ilə verilən kreditlərin illik faiz dərəcəsi daşınmaz əmlak girovluğu ilə verilən kreditlərdən fərqlənmir", - deyə C.Əliyev qeyd edib.

Belə bir reyestrin mövcudluğu müsbət haldır

Bununla belə, Assosiasiya sədrinin sözlərinə görə, belə bir reyestrin mövcudluğu maliyyə sektoru üçün müsbət haldır, kredit təşkilatlarına vaxta və vəsaitə qənaət etməklə sürətli qərar qəbul etməyə imkan verir: "Reyestr 2018-ci ildə istifadəyə verilməsinə baxmayaraq, maliyyə sektoru üçün yeni sayıla bilər. Geridə qalmış 3 ilin bir hissəsi koronavirus (COVID-19) pandemiyası dövrünə təsadüf etdi. Yəni karantinlə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunduğu üçün biznesin aktivliyi aşağı düşdü. Lakin tədricən vəziyyətin müsbətə doğru dəyişdiyini və biznesdə canlanmanın yarandığını müşahidə edirik. Reyestr təkcə kredit təşkilatları üçün deyil, adi vətəndaşlar, biznes subyektləri üçün əhəmiyyətlidir. Belə ki, hər hansı subyekt ikinci əl avadanlıq və yaxud dəzgah almaq niyyətindədirsə, bu reyestr vasitəsilə onun yüklü olub-olmadığını dərhal öyrənə bilər və sonradan yarana biləcək problemləri vaxtında önləyər. Hesab edirəm ki, ölkədə daşınar əmlakın pasportlaşdırılması dərinləşdikcə reyestrdən istifadə kütləviləşəcək”.

Mənbə: REPORT

Bölmədən olan bütün xəbərlər