İnvestisiya
143

Azərbaycanda investisiya xidmətləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycanda investisiya xidmətləri ilə bağlı yeni qaydalar təsdiq edilib

Azərbaycan Mərkəzi Bankı (AMB) kapital bazarının inkişafına dair starteji planda müəyyən edilmiş hədəflərin icrası üzrə davamlı tədbirlər həyata keçirir.

“Renkinq” xəbər verir ki, bu barədə qurumun açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, növbəti tədbir kimi AMB-nin İdarə Heyətinin 31 avqust 2021-ci il tarixli qərarı ilə “İnvestisiya şirkətlərinin investisiya xidmətləri (əməliyyatları) həyata keçirməsi Qaydası” və “Marja ticarəti Qaydası” təsdiq edilib, 16 sentyabr 2021-ci il tarixindən qüvvəyə minib.

“İnvestisiya şirkətlərinin investisiya xidmətləri (əməliyyatları) həyata keçirməsi Qaydası”na edilmiş dəyişikliklərə əsasən müştərilərlə elektron qaydada müqavilənin bağlanması və müştəri hesablarının (depo hesabı və marja hesabı) məsafədən açılması imkanı yaradılıb. Qaydada qiymətli kağızların yerləşdirilməsi üzrə anderraytinq xidmətinin birdən artıq investisiya şirkətinin birgə təklif etməsi imkanı müəyyən edilib. Bu dəyişiklik investisiya şirkətlərinin anderraytinq üzrə imkanlarının birləşdirilməsinə və ümumi emissiyaların məbləğinin artırılmasına imkan verəcək. Həmçinin, fərdi investorların portfelinin idarə edilməsi, investisiya məsləhətinin verilməsi və digər investisiya xidmətlərinə dair tələblər beynəlxalq təcrübə nəzərə alınmaqla təkmilləşdirilib.

“Marja ticarəti Qaydası”na edilmiş dəyişikliklərə əsasən fərq müqavilələri ilə marja ticarəti xidməti üzrə peşəkar və institusional investorlara dair kredit hədlərinə yenidən baxılıb, peşəkar investorlar üzrə tələblər təkmilləşdirilib, adi investorlar üzrə isə kredit hədləri beynəlxalq standartlara uyğun olaraq fərq müqavilələrinin volatilliyi nəzərə alınmaqla differensiallaşdırılıb. Qaydada həmçinin foreks əməliyyatları üzrə investisiya şirkətlərinə dair informasiya texnologiyaları üzrə tələblər, investorların hüquqlarının müdafiəsi və risklərə dair məlumatlandırılması ilə bağlı mexanizmlər müəyyən edilib.

Qaydalarla aşağıdakı linklər vasitəsilə tanış olmaq mümkündür:

http://www.e-qanun.az/framework/48233

http://www.e-qanun.az/framework/48234

Bölmədən olan bütün xəbərlər