İnvestisiya
222

“Zəyəm Texnologiyalar Parkı” borclarını ödəmək üçün səhm buraxır

“Zəyəm Texnologiyalar Parkı” borclarını ödəmək üçün səhm buraxır

Şəmkir rayonunda fəaliyyət göstərən “Zəyəm Texnologiyalar Parkı” ASC nizamnamə kapitalını 18 milyon manat və yaxud təxminən 60 dəfə artıraraq 305 246 manatdan 18 305 246 manata çatdırmağı planlaşdırır. Bu məqsədlə dövriyyəyə hər birinin nominal dəyəri 1 manat olan 18 milyon ədəd adi, adlı, sənədsiz səhm buraxılacaq.

“Renkinq” bu barədə Azərbaycan Mərkəzi Bankının Məlumatların Elektron Açıqlanması Sistemində yerləşdirilmiş səhmlərin emissiya prospektinə istinadən xəbər verir.

Sənədə əsasən, qiymətli kağızlar kütləvi təklif üsulu ilə “Bakı Fond Birjası” QSC-də (BFB) yerləşdiriləcək və ilk 2 iş günü ərzində Cəmiyyətin mövcud səhmdarlarına, o cümlədən səhmlərin 91,6%-nə nəzarət edən “Azmade Group” MMC-yə təklif olunacaq. Onun üstünlük hüququ hesabına azı 16 490 862 ədəd yeni səhm əldə edəcəyi gözlənilir. Satılmayan səhmləri növbəti iş günü ərzində digər investorlar da ala biləcək.

Prosesin anderrayteri “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC-dir. Yerləşdirmə üçün ona 10 000 manat xidmət haqqı ödəniləcək. Bundan başqa, BFB də 500 manat xidmət haqqı alacaq. Emissiyanın dövlət qeydiyyatına alınması üçün rüsum isə 880 manatdır. Beləliklə, emissiya nəticəsində cəlb olunacaq vəsaitin xalis məbləği  17 988 620 manat təşkil edəcək. Bunun isə 17 876 442 manatından Cəmiyyətin borcunun ödənilməsinə, yerdə qalan məbləğdən isə onun cari fəaliyyəti üçün istifadə olunacaq.  

Bölmədən olan bütün xəbərlər