Sığorta
286

"Standard Insurance”in baş ofisinin satışına dair 4-cü hərrac keçiriləcək

Avqustun 24-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 4-cü hərrac keçiriləcək.

Bu barədə “Renkinq”ə qurumun Ləğvetmə Komissiyasından (İcbari Sığorta Bürosunun icraçı direktoru Rəşad Əhmədov rəhbərlik edir) bildirilib.

Məlumata görə, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif ediləcək.

Əmlak üçün 1,75 milyon manat qiymət müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 17 500 manat beh kimi ödənilməlidir.

Xatırladaq ki, bundan əvvəlki hərracları “Xəzəryanı ixtisaslaşdırılmış Hərrac Mərkəzi” MMC təşkil edib. Amma ofisi satmaq mümkün olmayıb. Əmlakın qiyməti isə hər dəfə 5% olmaqla 2 milyon manatdan 1,8 milyon manata endirilib.

Hərracla bağlı daha ətraflı məlumatları isə aşağıdakı linkdən əldə etmək mümkündür:

https://e-herrac.com/advertisement/dasinmaz-emlak/legv-prosesinde-olan-standard-insurance-mexsus-emlakllarin-herraci-baresinde

Sığorta şirkətinin digər əmlaklarının qanunvericiliyə və hərrac qaydalarına əsasən açıq satışı davam edəcək, bu barədə ictimaiyyətə əvvəldən məlumat veriləcək.

Bölmədən olan bütün xəbərlər